Massaçusets ştatında Xocalı faciəsinin anım mərasimi keçirilib
Massaçusetts ştatının Lovel şəhərində yerləşən Massaçusets Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Tələbələri Assosiasiyasının təşkilatçılığı ilə Xocalı facisəinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Gün.Az-a ölkəmizin ABŞ-dakı səfirliyindən bildiriblər ki, tədbir zamanı universitetdə təhsil alan azərbaycanlı tələbələr – Orxan Əhmədli və Kamran Cavadlı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı faciəsi barədə təqdimat olub, ermənilərin mülki əhaliyə qarşı amansız rəftarını əks etdirən şəkillərdən ibarət foto-sərgi nümayiş etdirilib.
Həmçinin insanlıq əleyhinə cinayət olan Xocalı faciəsinə dair dövrü mətbuatda dərc edilmiş məqalələr diqqətə çatdırılıb.
Tədbir iştirakçıları hazırda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilməsi istiqamətində görülən işlər barəsində məlumatlandırılıb.
İştirakçılar bu səpkidə dünyada baş vermiş digər qırğınlar haqda öz fikirlərini bölüşərək, Xocalı hadisələri ilə oxşarlığını vurğulayıb və bu faciənin soyqırımı kimi tanınmasının vacibliyini bildiriblər.
Sonda Xocalı hadislərinin soyqırımı kimi tanınması üçün imzatoplama kampaniyası keçirilib və iştirakçılar ”Xocalıya Ədalət” şüarının dünyanın 16 müxtəlif dilində yazılmış plakatları ilə Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdiriblər.
Leave a comment