Latest News

Azərbaycan Los Ancelesdə keçirilmiş Turizm Sərgisində təmsil olunmuşdur

Fevralın 22-24-də Los Anceles Taymz qəzeti tərəfindən Los Ancelesdə keçirilmiş Turizm Sərgisində Azərbaycan təmsil olunmuşdur. Qeyd edək ki, hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir.

Day.Az-ın Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun məlumatına əsasən verdiyi xəbərə görə, Konsulluq tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilmişdir. Həmçinin, stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilmişdir. İştirakçılara Los Ancelesdə fəaliyyət göstərən “Wonders of Azerbaijan” turizm şirkəti “İpək Yolu üzərində Azərbaycan”, “Aleksandr Dümanın izi ilə qida və şərab turu”, “Mədəni müxtəliflik turu” və “Eko-tur” kimi turizm paketleri təqdim etmişdir.
Qeyd olunmalıdır ki, stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb etmişdir. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunmuşdur.

Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça hazırlanaraq, sərgi iştirakçıları arasında paylanmışdır. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

http://news.day.az/economy/386213.html

http://www.day.az

Leave a comment